Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı. Mərhələ 2 Layihəsi. 2023-2024

BBDTL (Bakı Beynəlxaq Dəniz Ticarət Limanı) Bakı şəhərinin Qaradağ rayonun Ələt qəsəbəsi yaxınlığında yerləşən (Bakıdan 70 km cənubda), iki əsas nəqliyyat dəhlizinin – Şərq-Qərb və Şimal- Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edir və regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır. Bakı Limanı əsas intermodal paylama mərkəzi kimi fəaliyyət göstərməklə yanaşı limanın fəaliyyəti, Gömrük və Müvəqqəti saxlanc anbarları, Ələt qəsəbəsi və müxtəlif nəqliyyat və qeyri-nəqliyyat sektoru ilə bağlı layihələri özündə əks etdirən kompleks inkişaf modelindən istifadə edir.

Liman tikintisi layihələri dib dərinləşdirmə, tikinti işləri, dampinq, gəmilərdən və sahilyanı obyektlərdən atqılar, yük əməliyyatları və limanla bağlı digər fəaliyyətlər vasitəsilə ətraf mühitə geniş spektrli təsirlər yarada bilər.

Liman tikintisi layihələrinin icrasından əmələ gələ biləcək bütün mənfi təsirlərin minimuma endirilməsinin əsas və əvəzolunmaz yolu bu cür layihələr üzrə Ətraf Mühit və Sosial-İqtisadi Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) hesabatlarının hazırlanmasından ibarətdir. Qismən beynəlxalq maliyyə qurumlarının tələblərinə riayət etmək, qismən isə ətraf mühitin qorunması sahəsində öz öhdəliklərini yerinə yetirmək məqsədilə dünyanın bir çox ölkələrində ƏMSTQ sahəsində müxtəlif səviyyəli normativ- hüquqi baza işlənib hazırlanmışdır. ƏMSTQ prosedurları inkişaf layihəsinin səbəb ola biləcəyi ekoloji problemləri və onların ağırlıq dərəcəsini qiymətləndirmək üçün nəzərdə tutulmuşdur. Bu prosedurların riayət olunması bütün potensial mənfi təsirləri minimuma endirməyə və bunun üçün müxtəlif layihə komponentlərinə vaxtlı düzəlişlər etməyə imkan verir.