Daşkəsən rayonunun şimal hissəsində eyniadlı kəndin yaxınlığında yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Cəmiyyət tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə yatağın çıxarılabilən qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar işləri zamanı həyata keçirilən optimallaşdırma və 2018-2019-cu illəri əhatə edən əlavə kəşfiyyat işləri nəticəsində yatağın hər iki (oksid və sulfid) fazası üzrə çıxarılabilən qızıl ehtiyatı 561 min unsiyayadək artırılıb.
“AzerGold” QSC tərəfindən 2017-2021-ci illər ərzində yatağın birinci fazası – oksid mərhələsi üzrə istismar işləri tam icra edilib. Oksid fazası üzrə 243,355 unsiya həcmində qızıl hasil edilib.
“Çovdar” qızıl yatağının ikinci fazası – sulfid mərhələsi üzrə istismar işlərinə 2020-ci sentyabr ayında başlanılıb. Sulfid fazası üzrə satılabilən qızıl miqdarı 318,109 unsiya qızıl olaraq hesablanıb.