Zığ gölü Bakı şəhərini əhatə edən ağır çirklənmiş 9 göldən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramında qeyd edildiyi kimi, Zığ gölünün bərpası layihəsi Abşeron Yarımadasındakı 9 gölün (Xocahəsən, Böyükşor, Binəqədi İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ) ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə tapşırıqlar çərçivəsində həyata keçirilir.
Zığ gölü və ətrafı Abşeron yarımadasının neft sənayesi, kommunal təsərrüfatı, inşaat tullantıları və çirkab suları ilə ifrat çirkənmiş ərazilərindən biridir. Burada ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması ətraf ərazilərdə yerləşən qəsəbələrin əhalisi üçün ekoloji risklərin azaldılmasına, göl sahəsi və ətraf torpaqların bərpadan sonra ölkənin iqtisadi dövriyyəyəsinə qaytarımasına imkan verəcəkdir.
Layihənin əsas məqsədi Zığ gölü və ətraf ərazisilərin gələcəkdə istifadə edilməsi üçün ekoloji cəhətdən təhlükəsiz şəraitə malik olan əraziyə çevirməkdir. Qarşıda qoyulan məqsədə çatmaq üçün ilk növbədə ərazidə mühəndislik, ekoloji araşdırmalar və layihələndirmə, texniki-iqtisadi əsaslandırma işləri aparılmışdır. Zığ gölünün bərpası üzrə Ətraf Mühitə Sosial-İqtisadi Sahələrə Təsirlərin Qiymətləndirilməsi (ƏMSİSTQ) məsələlərinə baxılmışdır. ƏMSİSTQ layihənin təmizləmə, bərpa, tikinti / quraşdırma ərzində ətraf mühit və sosial vəziyyətə potensial təsirləri müəyyənləşdirmişdir. Potensial mənfi təsirlərin aradan qaldırılması üzrə qiymətləndirilmələr aparılmışdır. Bu təsirlərin yumşaldılması tədbirləri Ətraf Mühit üzrə İdarə etmə Planı (ƏMİP) və Ətraf Mühitin Monitorinqi Planında (ƏMMP) təqdim olunmuşdur.