“AzerGold” QSC-nin Filizçay Yatağı Layihəsi, 2019-2023
Filizçay filiz yatağı Azərbaycan Respublikasının Balakən rayonu ərazisində, Baş Qafqaz silsiləsinin cənub yamacının çay dərələri ilə kəskin parçalanmış ikinci dərəcəli tirəsində, Balakənçay hövzəsinin orta axımının sağ yamacında yerləşir. Ümumi sahəsi təxminən 240 ha təşkil edən Layihə ərazisi Böyük Qafqazın dəniz səviyyəsindən 1110-2270 m yüksəkliklərdə yerləşən orta və yüksək dağlıq zonasına aiddir.
Layihə ərazisi Bakı şəhərindən 435 km şimal-qərbdə, Balakən şəhərindən isə 15 km şimalda yerləşir. Əraziyə ən yaxın olan yaşayış məntəqələri Solban, Mahamalar, Poştbinə və Mazımçay kəndləri, eləcə də Balakən şəhəridir.
Filizçay yatağı, ehtiyatlarının həcminə görə Avropada ikinci ən böyük yataq hesab edilərək, dünya polimetal yataqlarının ilk onluğuna daxildir. Zink, qurğuşun, gümüş, mis və qızıldan ibarət yatağın filiz ehtiyatları 120 mln. tondan artıqdır. Mis, sink, qurğuşun kimi metalların toplam miqdarı 6.0-8.0%, qızıl və gümüşün orta tutumları uyğun olaraq 0.65 q/t və 50 q/t təşkil edir.
İQLİM tərəfindən hazırlanmış ƏSMVQ (Ətraf və Sosial-İqtisadi Mühitin Mövcud Vəziyyətinin Qiymətləndirilməsi) çərçivəsində Filizçay filiz sahəsinin və onun potensial təsir dairəsinin ətraf və sosial-iqtisadi mühitinin mövcud vəziyyətini tədqiq etmək məqsədilə məlumatların təhlili, kompleks çöl tədqiqatları, sosial sorğu və kompleks monitorinq işləri həyata keçirilmişdir.